19 Dek 2018

2018 – ci ildə lüğətlərə əlavə olunmuş 7 yeni slenq sözü

Hər il “Merriam Webster” kimi lüğətlər öz bazalarına ingilis dilində yeni sözlər əlavə edir.

Bu il yeni əlavə olunmuş sözlər arasında müxtəlif qısaldılmalar, hisslər, yeməklə bağlı sözlər və yeni internet terminləri üstünlük təşkil edir.

Yeni sözlər bəzən, daha öncə müxtəlif hiss, proses və ya halı ifadə etmək üçün istifadə olunan bir neçə sözü əvəz edir. Bu yeni əlavələr ingilis dilini daha sürətli, daha sadə və eyni zamanda daha zəngin edir.

Bu sözlərin bəziləri artıq uzun zamandır ki, slenq sözü kimi işlənir, lakin bu il lüğətə daxil olmaqla rəsmi status qazanıblar. Zənn edirik ki, ingilis dilini öyrənənlər üçün bu sözlər maraqlı və faydalı ola bilər. Ona görə onlardan yeddisini sizə təqdim etmək istərdik;

  1.  Hangry – sifət

Mənası – ac olduğunuz zaman keçirdiyiniz qəzəb və diskomfort hissini bildirir.

Bu söz ilk dəfə “London Magazine” də 1992 – ci ildə işlənməsinə baxmayaraq, son bir neçə ildə internetin ingilis dilli seqmentində populyarlıq qazanıb.

  1. Bougie – sifət

Mənası – Pul və zəngin həyat əlamətlərinin düşkünü olan insanlar üçün istifadə olunan alçaldıcı termindir.

Bu söz əslində “bourgeoise” sözünün qısaldılmış variantıdır.

  1. Predictive – sifət

Mənası – avtomatlaşdırılmış və ya hər hansısa alqoritm əsasında əldə olunmuş proqnoz və ya informasiyanı ifadə edən sözdür.

“Predictive” sözünə ədəbiyyatda 1637 – ci ildən rast gəlinir. Lakin internet dövrünün başlanması ilə bu sözün ikinci həyatı başlayıb və  demək olar yeni məna qazanıb.

Məsələn – “predictive text”.

  1. Guac – isim

Mənası – “guacamole” avokado istifadə olunmaqla hazırlanan soyuq qəlyənaltı yeməyin adıdır. “Guac” bu yeməyin qısaldılmış adı kimi 1980 – ci illərdən istifadə olunsa da, sözün ikinci mənası möhtəşəm, yeni və məşhur, gözləntiləri aşan halları və ya hadisələri və bunarın yaratdığı hissləri ifadə etmək üçün istifadə olunur.

  1. Instagram – feil

Mənası – dünyaca məşhur sosial şəbəkənin adı. Demək olar ki, bu sosial şəbəkə ilə həmyaşıddır. İstifadəsi Instagram sosial şəbəsinin işə düşməsinə təsadüf edir.

  1. Time suck – isim

Mənası – çox vaxt alan, buna görə bu vaxtı daha səmərəli istifadə etməyə imkan verməyən bir məşğuliyyət.

Bu söz 1991 – ci ildən bəri müxtəlif yerlərdə işlənsə də lüğətə bu il daxil olub.

  1. TL;DR – isim

Mənası – anladığınız kimi bu qısaldılmadır. “too long; didn’t read.” – çox uzun idi oxumadım anlamına gəlir. Yəgin ki, hər birinizin sosial şəbəkələrdə uzun uzadı status yazan dost və ya tanışlarınız var, bu söz belə statuslara və ya uzun, yorucu məqalələrə də tətbiq oluna bilər.

Qərbdə bu sözə xəbər saytlarındakı uzun yazılara yazılan şərhlərdə rast gəlmək mümkündür.

Bloq post hazırlanarkən, grammarly.com, urbandictionary.com və merriam-webster.com saytlarının materiallarından istifadə olunub.