21 Dek 2018

Mühacirət üçün dil biliyi lazımdırmı?

Hər il milyonlarla insan, öz yaşayış yerini dəyişir, ölkədaxili miqrasiya prosesləri ilə yanaşı ölkələrarası və qitələrarası miqrasiya prosesləri də geniş vüsət alıb.

Müxtəlif elmi araşdırmalar göstərir ki, dil miqrasiya proseslərinə təsir edən amillərdən biridir.

Məsələn, Böyük Britaniyanın müstəmləkəsi olmuş və ingilis dilinin geniş yayıldığı ölkələrdən Britaniyaya, Fransanın müstəmləkəsi olmuş və fransız dilinin geniş yayıldığı ölkələrdən Fransaya, keçmiş SSRİ respublikalarından isə Rusiyaya köçənlər ümumi miqrantların əhəmiyyətli hissəsini təşkil edir.

Bu əlbətdə ki, ilk növbədə dil baryerinin olmamasına görədir.

Sovet İttifaqı dağıldıqdan sonra keçmiş Sovet respublikalarından ABŞ və AB ölkələrinə indi də davam edən böyük miqrasiya axını başladı.

Azərbaycandan köçən insanların getdiyi istiqamətlərə baxsaq, Rusiya, Türkiyə və Almaniya ilk yerlərdən birini tutur. Lakin son zamanlar, ABŞ, Böyük Britaniya, Avstraliya və Kanadaya köçən və ya köçmək istəyən Azərbaycan vətəndaşlarının sayı xeyli artıb.

Bu ölkələrə köçmək üçün ən vacib şərtlərdən biri ingilis dili biliyidir məsələn, Avstraliya və Kanada ingilis dili biliyini göstərən IELTS sertifikatı tələb edir. ABŞ ve Britaniyada da dil biliyi olmadan cəmiyyətə inteqrasiya etmək, təhsil almaq və normal iş tapmaq mümkün deyil.

Bu ölkələrə köçmək istəyən bəzi insanlar ingilis dilininin öyrənilməsini ən axıra saxlayır və hesab edir ki, köçdükdən sonra dili öyrənmək daha asan olacaq. Lakin təcrübə göstərir ki, müəyyən dil bazasına malik olmadan dilin danışıldığı ölkədə sıfırdan dili öyrənmək çox çətindir və xeyli vaxt alır. Bəzən insanlar yeni ölkələrinin dilini öyrənə bilmədiyi üçün öz həyatlarını xəyal etdikləri kimi qura bilmir.

Odur ki, əgər hərhansısa ölkəyə köçmək kimi bir planınız varsa, ö ölkənin dilini Azərbaycanda ikən öyrənin!