06 Avq 2019

16 il əvvəl “qrammatikaya əl gəzdirən” ingilis jurnalistin səhvi siyasi qalmaqala səbəb olmuşdu

2003–cü ildə ABŞ–ın İraqa qarşı hərbi əməliyyata başlamasından bir müddət əvvəl, ABŞ Milli Təhlükəsizlik Agentliyi britaniyalı həmkarlarından BMT-nin təhlükəsizlik şurasında bəzi ölkələrin nümayəndələrinin telefon danışıqlarını və mail yazışmalarını izləməkdə kömək etmələrini xahiş edir. Söhbət Anqola, Kamerun, Çili, Meksika, Qvineya və Pakistan nümayəndələrindən gedir. Vaşinqton bu yolla diplomatların paytaxtlarından hansı təlimatları almalarını və İraq məsələsində bu ölkələrin BMT-də necə səs verəcəklərini öyrənmək niyyətində idi.

Lakin Britaniya Hökumət Rabitəsi Mərkəzinin əməkdaşı (Britaniyada radioelektron kəşfiyyat, hökumət və ordunun informasiya təhlükəsizliyinə cavabdeh qurum) Ketrin Qan, bu məlumatı The Observer dərgisinə sızdırır.

The Observerdə bu xəbəri hazırlayan redaktorlar Martin Brayt və Piter Bomon onlara Ketrin Qan tərəfindən sızdırılmış elektron məktubun mətnini yazıb sistemə daxil etməyi 24 yaşlı asistent Nikol Moubri dən xahiş edir. Nikol 10 dəqiqə ərzində mətni köçürür və 2 dəfə yoxladıqdan sonra sistemə daxil edir.

Digər gün The Observerdə “ABŞ kəşfiyyatının çirkli oyunlarını ifşa edən” böyük bir araşdırma yazısı işıq üzü görür. Lakin gözlənilənin əksinə olaraq, tənqid obyekti Amerika deyil The Observer qəzeti olur. Çünki Nikol mətni yazanda, “səhvləri düzəldmək” istəyib və “amerikan ingiliscəsini Britaniya ingiliscəsinə çevirib”.

Belə ki, Nikolun mətnində “recognize” çevrilib “recognise”, “emphasize” çevrilib “emphasise”, “favorable” isə “favourable” olmuşdu.

Bu dəyişikliklərə görə, bir çox oxucu, jurnalist və mütəxəssis mailin əslində saxta olduğunu və The Observer jurnalistləri tərəfindən yarıtmaz şəkildə saxtalaşdırılıb yazıldığını bəyan etmişdi. Britaniya mətbuatı tarixində ən böyük qalmaqallardan biri baş vermişdi.

Bu qalmaqal Ketrin Qanın kölgədən çıxaraq öz şəxsiyyətini açıqlamasına səbəb olur, Ketrin dövlət sirrini yaydığı üçün həbs olunub mühakimə olunur (nəticədə sübutların yetərsizliyinə görə onu sərbəst buraxırlar). Onun bütün karyerası məhv olur.

Nikol Moubrinin isə karyerasına bu qalmaqal elə də ciddi təsir etmir, o hətta bir neçə il The Observerdə qalaraq işləməyə davam edir, indi isə Nikol The Guardian qazetinin yazarlarından biridir.

Hal-hazırda bu hekayə haqqında baş rolda Kira Naytlinin oynadığı film çəkilir. Filmin sentyabrın sonunda geniş tamaşaçı kütləsinə çıxacağı gözlənilir.

Gördüyümüz kimi, jurnalistlərin, redaktorların və tərcüməçilərin səhvləri ucbatından siyasi qalmaqallar və həbslər də baş verə bilir.